15.12.2024 16:31
“United Alliance Group” və “ZenithSurvey” şirkətinin nümayəndələri Panama Dəniz Administrasiyasının baş direktoru Rafael Cigarruista və Dəniz Sertifikatlaşdırma Xidmətləri (OMCS) təsnifat cəmiyyətinin idarə heyətinin sədri Javier Bru ilə görüşüb.
Allmarinenews xəbər verir ki, nümayəndələr administrasiyanın baş direktorunu Panama Respublikasından olan Arsenio Antonio Dominguez Velaskonun Beynəlxalq Dəniz Təşkilatının (İMO) baş katibi seçilməsi münasibəti ilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Daha sonra “United Alliance Group”un direktor müavini Asif Mehtiyev Panamadakı dənizçilik şirkətləri ilə əməkdaşlığın səmərəliliyinin artırılması barədə danışıb.
Panama Dəniz Administrasiyası tərəfindən “United Alliance Group” şirkətinə verilən səlahiyyət əsasında dənizçilər üçün tədris edilən kurslardan, dənizçilik sahəsi üzrə təlimlərin hazırki səviyyəsindən bəhs edib.
Görüş zamanı dənizçilərin xarici ölkə bayrağı altında üzən ticarət gəmilərinə işə düzəldilməsində “United Alliance Group”un göstərdiyi təmənnasız vasitəçilik (crewing) xidməti yüksək qiymətləndirilib.
Bununla yanaşı bildirilib ki, “United Alliance Group”un vasitəçilik xidməti Panamadakı dənizçilik şirkətlərinin peşəkar kadrlarla təmin olunmasına da töhfə verir. Belə ki, işə qəbulla bağlı “United Alliance Group”a müraciət edən dənizçilərə Panamadakı dənizçilik şirkətlərində də işə düzəlmə imkanı yaradılır.
Eyni zamanda Panama Dəniz Administrasiyasının səlahiyyəti əsasında verilən sertifikatların azərbaycanlı dənizçilər üçün üstünlükləri qeyd olunub və Administrasiya tərəfindən yüksək qiymətləndirilib.
“United Alliance Group”un nümayəndələri öz növbəsində Panama Dəniz Administrasiyasının baş direktoru Rafael Cigarruistaya Panama bayraqlı gəmilərdə fəaliyyət göstərən azərbaycanlı dənizçilərə göstərilən diqqətə və onlar üçün yaradılan şəraitə görə təşəkkürünü bildiriblər.
Bu sahədə uğurlu əməkdaşlıq münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.
Daha sonra “ZenithSurvey”in direktoru Seymur Mirzəyev Xəzər, Aralıq və Qara dənizindəki bir sıra gəmilərdə şirkət tərəfindən aparılmış yoxlamalardan danışıb. Həmçinin Panama Dəniz Administrasiyasının yoxlamalarla bağlı sifarişlərinin icrasından bəhs edib.
Gələcəkdə bu sahədə “ZenithSurvey” şirkəti ilə Dəniz Sertifikatlaşdırma Xidmətləri (OMCS) təsnifat cəmiyyəti arasında əməkdaşlıq əlaqələrinin qurula biləcəyi qeyd olunub.
Sonda Panama dövlətinin dəniz ticarət donanmasındakı böyük əhəmiyyəti vurğulanıb. Panama Dəniz Administrasiyası və Dəniz Sertifikatlaşdırma Xidmətləri (OMCS) təsnifat cəmiyyəti ilə əlaqələrin mövcud səviyyəsi yüksək qiymətləndirilib. Dəniz nəqliyyatı sahəsində məsləhətləşmələrin yeni əməkdaşlıq imkanları yaradacağına və tərəfdaşlığı daha da gücləndirəcəyinə əminlik ifadə olunub.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32