15.12.2024 16:31
Dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətləri Azərbaycanın çoxəsrlik tarixinin şanlı səhifələrini təşkil edir.
Ulu öndər Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan Liderdir. Onun xidmətlərinin miqyasının ölçüyəgəlməzliyi bugünkü Azərbaycanın reallıqlarında özünün aydın ifadəsini tapır. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Dövlətimizin başçısı, Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik.
Ümummilli lideri dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri nəzərə çatdırırlar ki, bu da təbiidir. Çünki insanlar bu dövrlər barədə daha çox məlumata malikdirlər. Ancaq ulu öndərin həyatının qəhrəmanlıq anlarını, tarix yaratmaq bacarığını yalnız onun rəhbər vəzifələrdə çalışdığı illərlə ölçmək olmaz. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir.
10 may 1923-cü ildə Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qarşıya qoyduğu əsas hədəflərdən biri müstəqilliyimizin və suverenliyimizin daimiliyinin təmin edilməsi üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının bir amal - azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi oldu. Dahi şəxsiyyət dünya azərbaycanlılarının təşkilatlanması, onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə mühüm qərarlar qəbul etmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. O vaxtdan bütün azərbaycanlılar bu günü bayram kimi qeyd edir.
Ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrildi. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsidir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz dahi şəxsiyyət Heydər Əliyev yaratdı.
1993-2003-cü illər həlledici illər oldu. Dövlətçiliyin əsasları yaradıldı. Ümummilli Lider Heydər Əliyev ilk olaraq belə bir çağırış etdi ki, müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik. Xalq heç vaxt öz kökünü yaddan çıxarmamalı, öz tarixini öyrənməli, milli mədəniyyətindən heç vaxt ayrılmamalıdır. Ümumilikdə dahi şəxsiyyət Heydər Əliyevin hər bir çağırışı Vətənə, torpağa, dövlətinə və xalqına sevgisinin, bağlılığının ifadəsidir. "Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır" söyləyən dahi şəxsiyyət Heydər Əliyev hər bir azərbaycanlıya sözün əsl mənasında Vətəni sevməyi öyrətdi.
Ulu öndər Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Azərbaycan xalqı haqlı olaraq ulu öndər Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Ulu öndərin rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir.
Hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi qərarlarla, həyata keçirdiyi quruculuq tədbirləri ilə ən əsası gələcəkdə ölkəmizin müstəqilliyə qovuşacağını nəzərə alaraq atdığı digər məqsədyönlü addımları ilə özünün ümummili lider obrazını yaratmış, tarix isə dahi şəxsiyyətin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş ittifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı isə Azərbaycanın müstəqilliyini daimi və əbədi etdi. Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində mühüm addımlar atıldı. Ümummilli lider sabitliyi və iqtisadi tərəqqini hər bir ölkənin dayanıqlı inkişafında vacib faktor kimi önə çəkdi. Bildirirdi ki, sabitlik olmasa heç bir sosial-iqtisadi layihədən söhbət gedə bilməz. Eyni zamanda bildirirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ulu öndərin iqtisadiyyatın inkişaf etdirilməsində neft amilinə verdiyi önəm onun uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycan xalqının ən böyük arzularından biri təbii sərvətlərinin əsl sahibinə çevrilmək idi. Ümummilli lider xalqımıza bu sevinci yaşatdı. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın nüfuzu daha da artdı, iqtisadi mövqeyi möhkəmləndi. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın yeni neft erası başlandı.
"Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. Bu saziş Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsini qoydu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynadı. Həmin dövrdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmət qazandı.
Dahi şəxsiyyət Heydər Əliyev uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi, ölkədə dövlət müstəqilliyinin əsasları yaradıldı. Azərbaycan bir dövlət olaraq dünyanın siyasi xəritəsində öz yerini qorudu və möhkəmləndirdi. Ümummilli Lider üçün ən böyük dəyər xalqın etimadı, Azərbaycanın müstəqilliyi, azadlığı, suverenliyi idi. Ulu öndər 1993-cü ilin oktyabrında keçirilən andiçmə mərasimində demişdir: "Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm".
Ulu öndər Heydər Əliyevin gördüyü işlərin miqyası olduqca genişdir. Onlardan aylarla, illərlə bəhs edə bilərik. Dahi şəxsiyyətin fəaliyyətinə həsr edilən neçə-neçə kitablar çap olunub, elmi məqalələr yazılıb. Onun fəaliyyətinin hər bir istiqaməti bir tədqiqat mövzusudur.
Dənizçiliyin inkişafında Ulu Öndərin rolu
Ölkəmizdə gəmiçiliyinin inkişafı Ulu Öndərin istər Azərbaycanda hakimiyyətinin birinci mərhələsi, istər fəaliyyətinin Kreml, istərsə də müstəqilliyimizin bərpasından 2003-cü ilədək olan dövründə daim diqqətində olub. O, sahənin spesifikliyini və incəliklərini dərindən bilir, yaranan problemlərin təxirəsalınmadan həllinə xüsusi önəm verirdi. Onun iqtisadi siyasətində gəmiçilik xüsusi yer tutmuşdur. Heydər Əliyev gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilərə xüsusi etimad göstərir, onlara inanırdı. 70-80-ci illərdə Azərbaycana rəhbərlik edərkən iyirmiyə yaxın dənizçini Mərkəzi Komitəyə, Bakı Şəhər Partiya Komitəsinə, xalq nəzarəti komitəsinə məsul vəzifələrə irəli çəkmişdi. Azərbaycan donanmasının təzələnməsi yalnız dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbər seçildikdən sonra mümkün oldu.
Həmin illərdə Heydər Əliyevin səyi ilə hövzəyə yük axını çox sürətlə artdı. 1970-1975-ci illərdə 12 min tonluq beş tanker alındı. 1971-1977-ci illərdə isə Xəzər Dəniz Gəmiçiliyi üçün 20 quru yük gəmisi inşa edildi.
Dahi şəxsiyyət Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı bütün millətin, o cümlədən dənizçilərin nigarançılığına son qoydu. Məhz Heydər Əliyev zəkasının qüdrəti ilə Azərbaycanda dövlətçilik bərpa olundu, gəmiçiliyin tarixində yeni mərhələ başlandı. Ölkəmiz 1995-ci ilin mayında dövlət başçısının xeyir-duası ilə Beynəlxalq Dəniz Təşkilatına qəbul edildi.
Bu gün Prezidentimiz İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir, dənizçiliyin inkişafına xüsusi önəm verir.
Son 20 ildən artıq dövrdə onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi müasir müstəqil Azərbaycanı tarixi Zəfərinə qovuşdurdu. Ulu öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını, axıra çatdıra bilmədiyi işlərin, planların onun axıra çatdıra biləcəyinə əminliyini ifadə etdi. Təbii ki, əsas hədəf torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev son 20 ilin hesabatını oktyabrın 15-də Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaldaraq verdi. Xankəndidən xalqa müraciətində böyük qürur hissi ilə qeyd etdi ki, verilən vədlər, qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirildi. Ulu öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Günəş kimi dünyaya doğan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin Zəfər səhifəsini yazdı. 2023-cü il "Heydər Əliyev İli"ndə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, bununla da ölkəmizin həyatında yeni dövr başladı. Azad Qarabağ, Şərqi Zəngəzur dirçəlir. Soydaşlarımızın qayıdış ünvanları bir-birini əvəzləyir.
Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə, dünya birliyində yeri və rolunun artmasına davamlı töhfələri ilə diqqətdə olan, dahi şəxsiyyət ulu öndərin adı ilə bağlı olan Heydər Əliyev Fondunun yaranmasının 20 ili tamam olur. 20 ildə böyük yol qət edən Fondun həyata keçirdiyi layihələrin hər biri Azərbaycanın bu gününə və gələcəyinə hesablanıb. Fondun dahi şəxsiyyətin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinin, Heydər Əliyev irsinin təbliği istiqamətində atdığı addımlar diqqətəlayiqdir. Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Ulu Öndərin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ümummilli liderin xidmətlərini belə səciyyələndirir. Müstəqilliyimizin ilk illərində hökm sürən ağır böhrana diqqəti yönəldən Mehriban xanım Əliyeva bildirir ki, sanki biz işıqdan məhrum olmuşduq. Şəhərlərimizin işıqları söndüyü kimi, daxilimizdə də ümid çıraqlarımız sönmüşdü. İşığı, nuru, ümidi bizə Heydər Əliyev qaytardı. O, ölkəni böyük bəlalardan xilas etdi və Azərbaycan xalqına güvənərək yeni, müasir tariximizin ilk səhifələrini yazmağa başladı. Uzaq 1993-cü ildə heç də hamı inanmırdı ki, gün gələcək və Heydər Əliyevin bütün arzuları, planları, ideyaları reallaşacaqdır. Bütün çətinliklərə baxmayaraq, o, Azərbaycanın neft strategiyasını uğurla reallaşdırdı və onunla da gələcək qələbələrimizin, nailiyyətlərimizin təməlini qoydu.
Bu gün qürurla qeyd edirik ki, 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin qayıdışı ilə başlanan inkişaf yolu Azərbaycanı daim möhtəşəm uğurlara, Zəfərlərə doğru aparır.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32