15.12.2024 16:31
Gəmiçiliyin karbonsuzlaşdırılması üç əsas istiqamət üzrə aparılmalıdır.
Allmarinenews xəbər verir ki, bu barədə nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABS) Avropa bölməsinin Biznesin inkişafı üzrə vitse-prezidenti Ezekial Davis COP29 çərçivəsində keçirilən “Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya" mövzusunda panel müzakirələrdə deyib.
O bildirib ki, gəmiçilik sənayesində dekarbonizasiya tədbirləri daha dərin, təməl dəyişikliyi əhatə edir: “Mənim üçün gəmiçiliyin karbonsuzlaşdırılmasının əsl həlli üç vacib elementdən - məlumatlılıq, əməkdaşlıq və insan faktorundan asılıdır. Çətinliklərimiz ciddi olsa da, bu fundamental elementlər bizə düzgün istiqamət verir. Biz məqsədə nail olmaq üçün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) kimi tərəfdaşlarla birlikdə işləyir, sənayemizin dəyişməsinə töhfə veririk”.
ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev Azərbaycanın dünyanın ən böyük tədbiri sayılan COP29-a ev sahibliyi etməsinin tarixi hadisə olduğunu diqqətə çatdırıb. O, ASCO-nun dekorbanizasiya istiqamətində gördüyü işlər və strateji hədəfləri barədə məlumat verib: "ASCO 2012-ci illə müqayisədə emissiyaların 20 % azaldılmasına nail olub. Bu da Beynəlxalq Dəniz Təşkilatının (IMO) 2030-cu il hədəfinin vaxtından əvvəl yerinə yetirilməsi deməkdir. Bu uğuru əldə etmək asan olmadı. Ancaq bunu yeni gəmilərə investisiya yatıraraq, mövcud gəmiləri yenidən təmir edərək, köhnə gəmiləri istismardan çıxararaq və enerji səmərəliliyini artıraraq əldə etdik. Məqsədimiz IMO-nun 2050-ci ilədək sıfır emissiya hədəfinə nail olmaqdır və biz bunun üçün dayanıqlılıq həllərini inkişaf etdirmə və karbon emissiyalarının azaldılması strategiyalarını araşdırmaq istiqamətində aktiv fəaliyyət göstəririk”.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov dekarbonizasiyaya dair görülən işlər haqqında danışıb və bu sahədə əməkdaşlıqların vacibliyinə toxunub: "Bütün partnyorlarla, həmçinin ASCO ilə birgə "yaşıl dənizçilik" istiqamətində səylə çalışırıq. İnanıram ki, sıfır emissiya hədəfinə birlikdə çatacağıq".
ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli şirkətin emissiyaların azaldılması strategiyasını açıqlayaraq, 2050-ci ilədək sıfır emissiya hədəfinə çatmaq üçün şirkətin mərhələlər üzrə görəcəyi işlər barədə məlumat verib.
“Capital Maritime and Trading Corp” gəmiçilik şirkətinin təsisçisi və sədri Evangelos Marinakis də şirkətinin "yaşıl enerji"yə keçid prosesinə yanaşması, ikiyanacaqlı mühərrik texnologiyası və enerjiyə qənaət məqsədilə tətbiq etdiyi digər innovativ həllərlə bağlı təcrübəsini bölüşüb.
“DP World” şirkət qrupunun üzvü “P&O Maritime Logistics”in Baş icraçı direktoru Narayana Prasad Narumanchi Venkata Lakshmi “Dekarbonizasiya strategiyaları: 1, 2 və 3-cü sahə emissiyalarının aradan qaldırılması” mövzusunda təqdimatında dekarbonizasiyanın məqsədləri barədə ətraflı məlumat verib. O, bununla bağlı beynəlxalq gəmiçilikdə, o cümlədən təmsil etdiyi şirkətdə tətbiq olunan yanaşma və təcrübələr barədə bir sıra nümunələr gətirib.
QTAGG-ın Baş kommersiya direktoru Per Österberq “Yeni dekarbonizasiya texnologiyaları: EcoPilot” mövzusunda çıxış edib. Per Österberq ASCO-nun öz gəmilərində “EcoPilot” sistemini quraşdırmasından da danışaraq, bunu innovativ və "yaşıl texnologiya"lara keçid istiqamətində əhəmiyyətli addım kimi dəyərləndirib.
Qeyd edək ki, “EcoPilot” gəminin yanacaq sərfiyyatının azaldılmasında və karbon emissiyalarını minimuma endirilməsində vacib texnoloji avadanlıqlardandır. Bu sistem gəminin hərəkət trayektoriyasını, sürətini və mühərrikin işini optimallaşdırmaqla, ekoloji cəhətdən səmərəli naviqasiyanı təmin edir.
//Report
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32