Dənizçilər üçün Beynəlxalq Əmək Təşkilatı tərəfindən tövsiyə olunan minimum əmək haqqı sazişi elan edildi

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 16.04.2025 19:46

Beynəlxalq Əmək Təşkilatı (BƏT) Cenevrədə Birgə Dəniz Komissiyasında (JMC) aparılan danışıqlardan sonra bacarıqlı dənizçilər üçün tövsiyə olunan yeni qlobal minimum əmək haqqı sazişini elan edib. 

Allmarinenews xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatı məlumat yayıb.

BƏT-in açıqladığı ilkin tövsiyəyə əsasən, 2026-cı ilin yanvar ayından etibarən dənizçilərin aylıq minimum əmək haqqı 690 ABŞ dolları olacaq. Növbəti illərdə bu məbləğ müvafiq olaraq 704 və 715 dollaradək artırılacaq. Sözügedən dəyişikliklər 2025-ci il üçün qüvvədə olan 673 dollarlıq göstərici ilə müqayisədə 6 faizdən çox artımı əks etdirir.

Sözügedən əmək haqqı rəqəmləri hüquqi baxımdan məcburi deyil — yalnız tövsiyə xarakteri daşıyır. Yəni, Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən müəyyən olunan bu göstəricilər, üzv dövlətlər və işəgötürənlər üçün yönəldici məna daşıyır, lakin onların tətbiqi məcburi öhdəlik yaratmır.

Qeyd edək ki, Dənizdə Əməyə dair Konvensiyanın B2.2.4-cü maddəsi bu əmək haqqı göstəricilərinin müəyyən olunmasını tövsiyə xarakterli norma kimi təqdim edir. Konvensiyanın A2.2-ci maddəsinə əsasən isə, bu məbləğlərin hüquqi olaraq tətbiqi BƏT-in səlahiyyətində deyil, üzv dövlətlərin ixtiyarına buraxılır. Bu baxımdan, müəyyən edilən rəqəmlər beynəlxalq standartların formalaşdırılmasına xidmət edir və ölkələr üçün bir növ istinad çərçivəsi rolunu oynayır.

BƏT-in məlumatına əsasən, dəniz nəqliyyatı 1958-ci ildən bu yana peşəkar dənizçilər üçün qlobal səviyyədə minimum əmək haqqı müəyyən edən yeganə sənaye sahəsidir. Bu təcrübə dənizçilərin əmək şəraitinin yaxşılaşdırılması və beynəlxalq dənizçilik sektorunda sosial bərabərliyin təmin olunması məqsədi daşıyır.

Yeni minimum əmək haqqı razılaşması Beynəlxalq Gəmiçilik Palatası (ICS) və Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası (ITF) rəhbərliyi ilə gəmi sahibləri və dənizçi birlikləri arasında aparılmış danışıqlar nəticəsində əldə olunub. Danışıqlarda artan inflyasiya, həyat xərcləri və sektorun kommersiya dayanıqlılığı əsas götürülüb.

BƏT-in Sektoral Siyasətlər Departamentinin direktoru Frank Hagemann bildirib ki, dənizçilər qlobal ticarətin əsas dayağıdır və onların hüquqlarının qorunması dünya iqtisadi sabitliyi üçün əhəmiyyətlidir: “Dənizçilər qlobal iqtisadi münaqişələrin qurbanına çevrilməməlidir. Ədalətli ticarət, bu ticarəti mümkün edən işçilər üçün də ədalətli yanaşma deməkdir, - deyə o qeyd edib.”

Yeni əmək haqqı razılaşmasının yekun təsdiqi 2025-ci ilin noyabr ayında keçiriləcək BƏT-in İdarə Heyətinin 355-ci sessiyasında gözlənilir. Qlobal minimum əmək haqqına dair növbəti baxış isə 2028-ci ilin əvvəlində JMC tərəfindən həyata keçiriləcək.