15.12.2024 16:31
Bu gün Bakıda “Baku Shipping Dinner”in fəaliyyəti çərçivəsində “United Alliance Group LTD” və tərəfdaşı olduğu şirkətlərin təşkilatçılığı ilə “Dəniz Nəqliyyatı sahəsində İnsan Resurları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans” baş tutub.
Allmarinenews xəbər verir ki, konfransda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan daxil olmaqla 20-yə yaxın dövlət qurumu və ümumilikdə Xəzər, Aralıq dənizi və Qara Dəniz sahili ətrafı 10 ölkədən nümayəndələr iştirak edib.
Konfransda “United Alliance Group LTD” şirkətinin direktoru Asif Mehtiyev açılış nitqi ilə çıxış edərək konfransın məqsədi, dəniz sektoru üçün önəmi və dəniz nəqliyyatı sahəsində heyət idarəçiliyi və təhlükəsizliyi barədə ümumi məlumat verib.
Konfransın keçirilməsində əsas məqsəd Xəzər, Aralıq və Qara dəniz regionlarının gəmiçilik sektorunda fəaliyyət göstərən gəmi sahiblərini, dənizçilik üzrə insan resursları və gəmiçilik şirkətlərinin nümayəndələrini bir araya gətirərək gəmidə insan faktorunun əsas amil kimi önəmini diqqətə çatdırmaq, dənizçilik üzrə heyət idarəçiliyi, dəniz təhlükəsizliyində insan resurslarının idarə edilməsi barədə bilik və təcrübələrin bölüşdürülməsi, eləcə də tədbirdə iştirak edən xarici gəmiçilik şirkətləri ilə əməkdaşlığı artıraraq dənizçilərin beynəlxalq sularda iş imkanlarının və yeni iş yerlərinin yaradılmasında dəstək göstərmək olub.
Tədbir zamanı Beynəlxalq Dəniz Təşkilatının (IMO), Dünya Dəniz Universitetindən professorların, Türkiyə Dənizçilik Baş İdarəsinin və böyük gəmiçilik şirkətlərinin nümayəndələri, eləcə də digər iştirakçılar tərəfindən dəniz təhlükəsizliyi, gəmidə insan faktoru, dekarbonizasiya və kibertəhlükəsizlik, Dənizçilik İnstitutu - Dəniz Sektorunda Aparıcı Peşəkar İnkişaf, ətraf mühitin mühafizəsinin qorunması üzrə müasir texnologiyaların gəmilərdə tətbiqi mövzusunda təqdimatlar edilib.
Tədbirdə çıxış edən Beynəlxalq Dəniz Təşkilatının (IMO) texniki əməkdaşlıq şöbəsinin keçmiş rəhbəri Juvenal Şindu dənizçilik sahəsində gender məsələləri, qadınların çalışması ilə bağlı məsələyə toxunub: “Araşdırmalar göstərir ki, bu sektorda qadınlar daha çox kruiz sahəsində çalışırlar. Şirkət rəhbərliyində qadınların təmsilçiliyi təxminən 20 faizdir. İllər ərzində qadınlar bu sahədə irəliləyirlər, amma bu sahədə çalışan xanımların sayı 2 faizi keçmir”.
Dünya Dəniz Universitetinin professoru Dimitrios Dalaklis isə çıxışında dəniz industriyasında rəqəmsallaşdırma mövzusuna toxunub. Hazırda bu sahədə avtomatlaşdırma və rəqəmsallaşdırmaya böyük önəm verildiyini deyib. O, dənizçilik sahəsinin illərlə dəyişikliklərə məruz qaldığını, yeni bacarıqların ortaya çıxdığını və gələcəkdə smart limanların olacağını diqqətə çatdırıb.
Sonda beynəlxalq ekspertlərin iştirakı ilə panel sessiyalar və müzakirələr keçirilib.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32