"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) və "Bakı Gəmiqayırma Zavodu" MMC (BGZ) arasında sərnişin, avtomobil və dəmiryolu vaqonları daşıyan daha bir Ro-Pax tipli gəmi-bərənin inşasına dair müqavilə imzalanıb.
Allmarinenews bu barədə ASCO-ya istinadən xəbər verir.
Məlumata görə, sənədi ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev və BGZ-nin İdarə Heyətinin sədri Elşad Nuriyev imzalayıb. Bu, ASCO-nun Müşahidə Şurasının konsepsiya nöqteyi-nəzərdən məqbul hesab etdiyi Gəmiçiliyin Strateji İnkişaf Planına uyğun olaraq donanmanın yenilənməsi istiqamətində mühüm addım sayılır.
İmzalanma mərasimində bildirilib ki, yeni gəmi-bərə ASCO-nun balansına qəbul edilmiş “Azərbaycan” və “Zərifə Əliyeva” gəmi-bərələri ilə eyni tiplidir. Tikiləcək bu gəmi-bərə ilə də 100 sərnişin, 56 vaqon-çən və ya 46 yarımvaqon və ya 50 yarımqoşqulu yük maşını daşımaq mümkün olacaq.
Gəmi-bərənin ümumi uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metr təşkil edəcək. Dedveyti (dənizdə) 5 740 ton olacaq unikal-gəmi bərə 14 uzellə hərəkət edə biləcək. Gəminin daimi heyəti isə 30 nəfərdən ibarət olacaq.
2014-cü ildən bu qədər ASCO BGZ-də 10 gəminin tikintisi ilə bağlı sifariş yerləşdirilib. Onlardan 9-nun, o cümlədən bir yedək, 3 sərnişin, 2 Ro-Pax tipli gəmi-bərənin və 3 tankerin tikintisi başa çatdırılaraq istismara verilib.
"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə şərq-qərb və əks istiqamətdə yükdaşımaların mühüm iştirakçısı olan, uzun illərdir Xəzərdə yeganə bərə operatoru kimi fəaliyyət göstərən ASCO, eləcə də Trans-Xəzər dəhlizi üzrə yükdaşımaların bütün iştirakçıları üçün bu gəminin tikintisi çox böyük əhəmiyyətə malikdir. Yeni gəmi ASCO-nun yükdaşıma potensialının dayanıqlılığının qorunub saxlanılmasına, Xəzər üzərindən artan vaqon və TİR daşıma həcmlərinin qarşılanmasına imkan verəcək. Bu isə öz növbəsində, Azərbaycan üzərindən keçən hazırkı və perspektiv nəqliyyat dəhlizlərinin daha da inkişafına öz töhfəsini verəcək", - səhmdar cəmiyyəti bəyan edib.
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56
01.11.2024 13:24
01.11.2024 13:14