“United Alliance Group”un nümayəndələri Beynəlxalq sərgidə iştirak edib

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 01.06.2023 17:13

“United Alliance Group” LTD şirkətinin rəhbər üzvləri Bakı Ekspo Mərkəzində keçirilən 20-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisində iştirak ediblər.

Allmarinenews xəbər verir ki, sərgidə avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatı, yükdaşıma, logistika, kuryer vasitəsilə çatdırılma sahələrində fəaliyyət göstərən dövlət və özəl qurumların xidmətləri, müxtəlif nəqliyyat vasitələri, qoşqular, avadanlıqlar, anbar və məlumatlandırma sistemləri və s. nümayiş olunub. 

Sərgi çərçivəsində “United Alliance Group”un nümayəndələri ilə  bir sıra şirkətlərin təmsilçiləri arasında görüşlər keçirilib, nəqliyyat texnologiyalarının ən son nümunələri nümayiş olunub. Əməkdaşlar perspektivli dövlət infrastruktur layihələri ilə tanış olublar.

Sərgidə Azərbaycan, Türkiyə, Qazaxıstan, İsveçrə, Rumıniya, Finlandiya, Rusiya Federasiyası, Belarus Respublikası və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər öz məhsul və xidmətlərini təqdim edib. 

Ənənəvi olaraq ölkəmizdə keçirilən bu sərgi potensial müştərilərə çıxış əldə etmək və digər çoxsaylı unikal imkanlar yaradır.

Qeyd edək ki, 31 may-2 iyun tarixlərində keçirilən sərgi çərçivəsində ilk dəfə olaraq təşkil olunacaq 1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu”da “United Alliance Group”un nümayəndələri də iştirak edəcək.

2 iyun tarixində Bakı Konqres Mərkəzində keçiriləcək forumda Azərbaycanın dövlət qurumları, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi qlobal təşkilatlar, müxtəlif ölkələrin nəqliyyat eskpedisiya assosiasiyaları, xarici və yerli nəqliyyat sektorunun peşəkarları bir araya toplaşacaq. Forum nəqliyyat sektorunun həm yerli, həm də beynəlxalq oyunçuları arasında məlumat və təcrübə mübadiləsinin aparılması, işgüzar ünsiyyət, netvörkinq və etibarlı biznes münasibətlərinin qurulması, eləcə də mövcud biznes əlaqələrinin daha da genişləndirilməsinə imkan yaradacaqdır. Forum maraqlı tərəflər üçün yeni tərəfdaşlar qazanmaq və səmərəli əməkdaşlıqlar formalaşdırmaq üçün önəmli platforma olacaq.